Menu

Səbət

Səbətiniz boşdur.

Necə olmalı? 

“Hüququn aliliyi” anlayışının bir-birinə yaxın iki mənası var:  

  • Siyasi nəzəriyyədə hüququn aliliyi əxlaqi anlayış kimi müəyyən edilir. Burada “hüququn aliliyi” dedikdə dövlət idarəçiliyinin mücərrəd hüquq prinsiplərinə əsaslanması və hökumətlərin özbaşınalığına qarşı ədalətli qaydaların və təsisatların formalaşdırılması nəzərdə tutulur. Siyasi əxlaqi anlayış kimi hüququn aliliyi ədalət prinsipinin davamı qismində qəbul edilir və adil idarəetmənin təsisinin fundamentlərindən biri sayılır. 
  • Hüququn aliliyinə dair anlayışlardan digəri xalis hüquqi sferaya məxsusdur. Burada “hüququn aliliyi” dedikdə hüquq qaydalarının, hüquqi proses və mexanizmlərin sabit, aydın və aşkar formada təsis və tətbiq edilməsi nəzərdə tutulur. Bu anlayışa əsasən, hüququn aliliyi siyasi mənada dövlət idarəetməsinə dəyərdir, xalis hüquqi mənada isə məhz hüquq sisteminə aiddir.  

Beləliklə, “hüququn aliliyi” birinci mənada siyasi idarəçiliyin qurulması, ikinci məna isə siyasi idarəçiliyin tərkib hissəsi olan hüquqi sistemin formalaşdırılması barədədir. Bir sözlə, bu iki məna bir-birinə yaxındır. Buna görə də hazırkı sənəddə hüququn aliliyi anlayışının hər iki mənası həmahəng surətdə istifadə ediləcək. 

Nəzəri müzakirələrdə hüququn aliliyi üç aspektdə nəzərdən keçirilir: formal, prosessual və substantiv. 

Hüququn aliliyinin formal aspekti cəmiyyəti idarə etmək üçün istifadə edilən qaydaların xüsusiyyəti ilə əlaqədardır. Bütün hüquq qaydalarının beş xüsusiyyəti olmalıdır:  ümumilik, aydınlıq, aşkarlıq, stabillik, müəyyənlik.  

Hüquq qaydaları bu xüsusiyyətlərdən hər hansı birinə cavab vermirsə, deməli, həmin qaydalar hüququn aliliyi prinsipinə ziddir. 

Hüququn aliliyinin prosessual aspekti qaydaların icra edildiyi prosesin və həmin qaydaları icra edən təsisatların keyfiyyətini əhatə edir. Prosessual məna maraqlı şəxslər üçün qayda qəbulu, icrası və qaydalara dair mübahisə proseslərinin təməl olaraq ədalətli olması, institutların müyəssərliyi, tərəfsizliyi və ağlabatan qaydada işləri həyata keçirməsini müəyyən edir. Bu tələblərə riayət edilmədiyi halda, prosesin və təsisatların hüququn aliliyi prinsipinə ziddir. 

Hüququn aliliyinin substantiv aspekti bu anlayışın hansı substantiv dəyərləri ehtiva edib-etməməsini müəyyənləşdirir. Belə dəyərlər azadlıq prezumpsiyası, insan haqları, sosial ədalət kimi fərqli və bəzən bir-birinə zidd olan siyasi-əxlaqi amallardan ibarətdir.  

Hüququn aliliyi anlayışının formal və prosessual aspektləri ilə yanaşı, hansısa siyasi ideallara əhatə edib-etməməsi problemi siyasət və hüquq fəlsəfəsində mübahisəlidir. Bəzi müəlliflər hüququn aliliyini, sadəcə, formal və prosessual mənada müdafiə edirlər. Digərləri isə hüququn aliliyinin bəzi siyasi-əxlaqi dəyərləri də ehtiva etdiyini müdafiə edir və bu dəyərlərin hansılardan ibarət olması barədə mübahisə edirlər.  

Bu sənəddə bu mübahisələr müzakirə edilmir. Bu sənəd çərçivəsində üzərində konsensus mövcud olan hüququn aliliyinin formal və prosessual aspektlərinə dair tezislər irəli sürülür. 

Yuxarıda göstərilənlərə əsasən hüququn aliliyinin formal,və prosessual aspektləri ilə əlaqədar aşağıdakı tezisləri irəli sürürük. Bu tezislər Avropa Şurasının Hüquq vasitəsilə Demokratiya uğrunda Avropa Komissiyası (ictimaiyyətdə bilinən qısa adı ilə Venesiya Komissiyasının) Hüququn Aliliyi Meyarlar Kataloqu (2016) əsasında və həmin meyarlar ilə uzlaşmada hazırlanır: 

  • Hüquqauyğunluq prinsipi: bu prinsip özündə aşağıdakı meyarları ehtiva edir: 
  1. Hüququn üstünlüyünün Konstitusiya və ona uyğun gələn qanunvericilik bazası, icra səlahiyyətinin aktları vasitəsilə birbaşa və dolayı yollarla təsbit edilməsi və effektiv məhkəmə nəzarəti ilə mühafizə edilməsi; 
  2. Publik orqanların səlahiyyətlərinin mövcud qanunvericilik bazasından irəli gəlməsi və səlahiyyətlərin icrasının həmin bazada müəyyənləşdirilmiş qaydalara müvafiq olması; 
  3. Milli hüquq sisteminin beynəlxalq hüquqla icrası icbari olan və beynəlxalq hüquqa əsasən götürülmüş öhdəliklərə uyğunlaşdırılması; 
  4. Qanunverici orqanının üstünlüyünün müəyyənləşdirilməsi və icraiyyə orqanının qəbul etdiyi hüquqi tənzimləmələrin qanunvericilik bazasının mahiyyətindən kənara çıxmaması; 
  5. Qanunların qəbulu prosesinin şəffaf, hesabatlı, inklüziv və demokratik həyata keçirilməsi; 
  6. Fövqəladə hallarda ümumi qaydadan istisnaların hüquqla (qanunvericilik bazası) ilə nəzərdə tutulması; 
  7. Publik orqanlar tərəfindən qanunların icrasına dair effektiv tədbirlərin müəyyənləşdirilməsi. 

 

  • Hüquqi müəyyənlik prinsipi: bu prinsip özündə aşağıdakı meyarları ehtiva edir: 
  1. Qanunverici bazanın müyəssərliyi – bütün qanunların əlçatanlığı; 
  2. Məhkəmə qərarlarının müyəssərliyi – məhkəmə qərarlarının əlçatanlığı və əlçatanlığın istisnalarının aydın olması; 
  3. Qanunların maraqlı şəxslər üzərində təsirlərinin proqnozlaşdırılabilən olması; 
  4. Qanunların stabilliyi və onların ardıcıl icra edilməsi; 
  5. Legitim gözlənti prinsipinə hörmətin təmin edilməsi; 
  6. Ələlxüsus cinayət hüququ ilə əlaqədar retroaktivlik qadağasının müəyyənləşdirilməsi və ümumi retroaktivlik qadağasının istisnaların aydın müəyyənləşdirilməsi; 
  7. Hüquqazidd cinayət məsuliyyəti qadağası - nullum crimen sine lege və hüquqazidd cəzalandırma qadağası - nullum poena sine lege prinsiplərinin tətbiqi; 
  8. Təkrar mühakimə qadağası (ne bis in idem) və məhkəmə aktlarının qətiliyi (res judicata) prinsiplərinin tətbiqi. 

 

  • Publik orqanların güc səlahiyyətlərindən sui-istifadəsinə və özbaşınalığına (haqsızlığına) qarşı hüquqi təminatların mövcud olması prinsipi; 

 

  • Hüquq qarşısında bərabərlik və ayrı-seçkilik qadağası prinsipi: bu prinsip özündə aşağıdakı meyarları ehtiva edir: 
  1. Ayrı-seçkilik qadağasının Konstitusiya və qanunvericilik bazası ilə aydın müəyyənləşdirilməsi; 
  2. Hüquqda bərabərliyinin Konstitusiya və qanunvericilik bazası ilə müəyyənləşdirilməsi; 
  3. Hüquq qarşısında bərabərliyin Konstitusiya və qanunvericilik bazası ilə müəyyənləşdirilməsi; 

 

  • Ədalət mühakiməsinin müyəssərliyi prinsipi: bu prinsip özündə aşağıdakı meyarları ehtiva edir: 
  1. Məhkəmə institutunun müstəqilliyi və bitərəfliyinin təminatı üçün kafi konstitusion və hüquqi qarantiyalaların mövcudluğu; 
  2. Hakimlərin fərdi qaydada müstəqilliyinin təminatı üçün kafi konstitusion və hüquqi qarantiyalaların mövcudluğu; 
  3. Prokurorluq institutunun avtonomiyasının və həmin instituta ağlabatan nəzarətin  təminatı üçün kafi konstitusion və hüquqi qarantiyalaların mövcudluğu; 
  4. Vəkillik institutunun avtonomiyasının təminatı üçün kafi konstitusion və hüquqi qarantiyalaların mövcudluğu; 
  5. Şəxslərin məhkəmələrə effektiv əlçatanlığının təmin edilməsi; 
  6. Təqsirsizlik prezumpsiyasının təminatı; 
  7. Adil mühakimə standartlarının Konstitusiya və qanunverilik bazasında təminatı və effektiv praktik icrası; 
  8. Məhkəmə qərarlarının effektiv icrası; 
  9. Konstitusiya Məhkəməsi nəzarəti sisteminin yaradılması və effektiv işinin təmin edilməsi. 

 

Nəyi dəyişməli? 

Azərbaycanda hüququn aliliyi faktiki olaraq mövcud deyil. Hazırkı hökumət hüququn aliliyi əvəzinə aşağıdakı mexanizmləri tətbiq edir: 

  1. Quru qanunçuluq; 
  2. Prosessual ədalətsizlik; 
  3. Publik orqanlarının total özbaşınalığı. 

Quru qanunçuluq Sovet totalitarizminin hazırkı hökumətə mirasıdır. Quru qanunçuluq hüququn aliliyinin formal və prosessual tələblərinə cavab verməyən, etatist ruhda hazırlanan, insan haqları standartlarını nəzərə almayan qanunların qəbulu və icrasıdır.  

Quru qanunçuluq dedikdə müəyyən bir sahədə hansısa qaydanın mövcud olması nəzərdə tutulur və həmin qaydaların hüququn aliliyi prinsipinin keyfiyyət əlamətlərinə cavab verib-verməməsi əhəmiyyətli hesab edilmir.  

Hazırkı hökumət quru qanunçuluğu həmçinin qanunların icrasında da tətbiq edir. Ölkə əhalisindən qanunçuluq çərçivəsində qaydalara riayət edilməsi tələb edilir. Həmin qaydaların məğzinə və mahiyyətinə isə varılmır. Həmin qaydalar icra edilməyəndə də insanlar sərt şəkildə və ədalətsiz qaydada cəzalandırılır.  

Ölkə əhalisi belə haqsız qaydalar və həmin qaydalar çərçivəsində ədalətsizliklərə məruz qalmamaq üçün korrupsion vasitələrə sığınmalı olurlar və korrupsion yollarla öz təhlükəsizliklərini təmin etməyə çalışırlar. Bu hal ölkədə endemik korrupsiyaya zəmin yaratmaqla yanaşı, vətəndaşlıq etikasını da deqradasiya edir. Bununla yanaşı, belə situasiya əhalini publik orqanlardan asılı vəziyyətə salır. Belə ki, təşəbbüskarlar, işçilər, intellektuallar, sənət adamları, fərdi peşə sahibləri və digərləri quru qanunçuluq anlayışının qurbanı olurlar və bunun nəticəsində publik orqanlardan korrupsion asılılığına düşdüklərinə görə ictimai-siyasi iştirakçılıqdan da yayınırlar. Nəticə etibarilə, onlar öz aqibətləri barədə dövlət orqanlarının qərarlarına effektiv olaraq təsir edə bilmirlər.  

Hüququn aliliyinə qarşı hazırkı hökumətin ikinci mexanizmi prosessual ədalətsizlikdir. 1995-ci ildən bəri Azərbaycanda heç bir quruma azad və ədalətli seçki həyata keçirilməyib. Yəni qərarların qəbulu və icrası prosesinə cəlb edilən şəxslər insanların aktiv iradəsi ilə formalaşmayıb. Buna görə də dövlət orqanlarında seçkili vəzifə tutan şəxslər özlərini vətəndaşlardan asılı hesab etmirlər. Bunun əvəzinə hazırkı hökumətdən asılı olurlar. Nəticədə isə Azərbaycanda hazırda idarəçilik xalqın,  yəni idarəolunanların iradəsinə ziddir. Hazırkı hökumət isə ölkəni vətəndaşların ümumi marağına əsasən deyil, hakim siyasi elitanın qrup maraqlarına uyğun idarə edir.  

Bundan əlavə, hazırkı hökumət ictimai iştirakçılığın istənilən formasını məhdudlaşdırmağa çalışır. İctimai rəy əksər hallarda idarəçiliyə təsirini göstərə bilmir. Bununla da vətəndaşlar heç bir halda qərar qəbul etmə prosesində ardıcıl iştirak edə bilmirlər.  

Siyasi vəzifələr vətəndaşların iradəsinə uyğun olaraq formalaşdırılmadığına görə təyinatlı vəzifə sahibləri də vətəndaşların iradəsi və ehtiyacları ilə hesablaşmırlar. Məsələn, məhkəmə institutu tamamilə hazırkı hökumətin nəzarəti altındadır. Məhkəmələrin ədalətsizliyinə dair ölkənin ictimai rəyində haqlı təsbit mövcuddur. Buna görə də ölkə əhalisi hüquqi problemlərini məhkəmədənkənar vasitələrlə həll etməyə çalışır. Bu hal isə yeraltı “ədalət”ə gətirib çıxarır ki, bu da öz növbəsində ölkədə hüquq kulturasını məhv edir. 

Hazırkı hökumətin hüququn aliliyinə qarşı digər mexanizmi isə publik orqanların total özbaşınalığıdır. Publik orqanlar qanunları istədikləri kimi tətbiq edirlər. Onlar qanunlardan əsasən korrupsion üsullarla şəxsi maraqlarını təmin etmək üçün sui-istifadə edirlər.  

Bundan əlavə, hazırkı hökumət və onun güc strukturları ölkədə aparılan total siyasi repressiyanın bir hissəsi kimi cinayət hüquqi və əlaqəli hüquqi vasitələrdən insanların gözündə qorxu yaratmaq üçün sui-istifadə edirlər. Bu kimi hallar nəticə etibarilə özbaşınalığın genişlənməsinə rəvac verir və qaydasızlıq mühiti yaradır. İnsanlar qaydasızlıq mühitində müxtəlif vasitələrlə özlərini qorumağa çalışırlar. Bu isə Azərbaycanın bir cəmiyyət kimi fundamentini dağırır. Bu səbəbdən publik orqanların özbaşınalığı Azərbaycan cəmiyyətinə qarşı ciddi təhdid təşkil edir. 

Necə dəyişməli? 

Hüququn aliliyinə nail olmaq çətindir, çünki uzun və ardıcıl iş tələb edir. Hüququn aliliyinin mövcud olmaması nəticəsində baş verən deqradasiyanın nəticələrini aradan qaldırmaq üçün ciddi cəhd göstərilməlidir. 

Üçüncü Respublika Platforması hüququn aliliyinə nail olmaq üçün cidd-cəhd göstərmək üçün iradə və təcrübəyə sahibdir. Bu məqsədlə mövcud özbaşınalıq rejimindən hüququn aliliyi sisteminə keçid üçün aşağıdakıları etməyi hədəfləyirik: 

  1. Yeni Konstitusiyanın qəbulu (konstitusionalizm):  
  • Hüququn aliliyinə nail olmağın ilkin şərti yeni Konstitusiya qəbul etməkdir. Bu məqsədlə 1995-ci il Əliyev Konstitusiyasından, eləcə də Əliyev Konstitusiyasına zəmin təşkil edən sovet və post-sovet Rusiya konstitusiya ənənəsindən xilas olmalıyıq. Yeni Konstitusiya mütərrəqi dünyanın dəyərləri ruhunda olmalıdır. Bununla yanaşı, konstitusiyaçı təcrübənin mobilliyini təmin etmək üçün yeni Konstitusiya lakonik məzmun və strukturda hazırlanmalıdır. Yeni Konstitusiyada dövlət-fərd münasibətlərinin iki təməl aspekti olan dövlət idarəçiliyinin quruluşu və insan haqları təminatları aydın və müəyyən surətdə əks edilməlidir. Mövcud Əliyev Konstitusiyasından Yeni Konstitusiyaya keçid hüquqauyğun meyarlara (hüququn aliliyinin formal aspektinin meyarlarına) uyğun həyata keçirilməlidir. Yeni Konstitusiya layihələri iştirakçılıq əsasında davamlı ictimai müzakirələrə çıxarılmalıdır.  
  1. Yeni qanunvericilik bazasının qəbulu (kodifikasiya):  
  • Əliyev Konstitusiyasının yenisi ilə əvəzlənməsi hüququn aliliyinin real təminatı üçün kafi deyil. Eyni zamanda yeni qanunvericilik bazası yaradılmalıdır. Buna müvafiq olaraq bütün əsas qanunvericilik aktlarının ciddi ekspertizası keçirilməli, həmin qanunvericilik yeni prinsiplər və qaydalara əsaslanaraq yenisi ilə əvəz edilməlidir. Hədsiz tənzimlərə rəvac verən qanunvericilik aktları ləğv edilməlidir. Mövcud qanunvericilik bazasının aradan qaldırılaraq yenilənməsi üçün yeni qanun layihələri iştirakçılıq əsasında davamlı ictimai müzakirələrə çıxarılmalıdır. 
  1. Milli hüququn beynəlxalq hüquqla uzlaşdırılması (beynəlmiləl implementasiya): 
  • Milli hüququn beynəlxalq hüquqla uzlaşdırılması üçün zəruri olan bütün addımlar atılmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikasının daşıya bilməyəcəyi beynəlxalq hüquqi öhdəliklərə yenidən baxılmalı və xoşməramlılıq prinsipi əsasında qoşulduğumuz beynəlxalq müqavilələrə zəruri qeyd-şərtlər qoyulmalıdır. Bu məqsədlərə nail olmaq üçün əlahiddə beynəlxalq hüquqla uzlaşdırma institutları təsis edilməlidir. 
  1. Publik orqanların özbaşınalığının aradan qaldırılması (administrasiya islahatı):  
  • Publik orqanlar yenidən formalaşdırılmalı, lüzumsuz publik orqanlar və ştatlar birdəfəlik ləğv edilməli, publik orqanlaraydın təlimat və bələdçilərlə fəaliyyət göstərməlidir. Publik orqanlarının heyətinin statusuna dair yeni məmuriyyət qanunu qəbul edilməlidir. Özbaşınalığa qarşı məhkəmə təminatları gücləndirilməlidir. 
  1. Məhkəmə institutunun müstəqilliyinin təminatı (ədliyyə islahatı): 
  • Məhkəmə institutunun heyəti tamamilə yenidən formalaşdırılmalı, Məhkəmə Şurasının müstəqilliyinə təminat verən mexanizm işə salınmalı, yeni təyinatları optimallaşdırmaq məqsədilə vahid məhkəmə sisteminə keçid edilməli və Konstitusiya Məhkəməsi təminatının effektivliyi artırılmalıdır. Ədliyyə islahatı, həmçinin prokurorluq institutunun icraiyyə gücündən asılılığını aradan qaldırmağa və məhkəmə nəzarəti altında olan prokurorluq muxtariyyətinə nail olmağa yönəlməlidir. 
  1. Yuxarıda qeyd edilən məqsədlərə nail olmaq üçün tam proporsional və ağlabatan seçki baryeri  əsasında azad və ədalətli seçki vasitəsilə yeni parlament formalaşdırılmalıdır. 
  2. Yuxarıda qeyd edilən məqsədlərə nail olana kimi ədalətli və ağlabatan keçid dövrü rejimi təmin edilməlidir. 

Digər Sənədlər

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın