Menu

Səbət

Səbətiniz boşdur.

Mövcud vəziyyət 

 

Toplumun dayanıqlı və davamlı inkişafı yalnız makroiqtisadi sabitliyi hədəfləyən iqtisadi siyasətlə insanların yüksək rifahını təmin edən sosial siyasəti bir araya gətirdikdə mümkün olur. Amma rifah anlayışına Azərbaycandakı mövcud baxış daha çox maddi faktorlar üzərində formalaşıb. Hazırda ölkədə yoxsulluğun monetar yanaşma, həmçinin insanların minimum ehtiyaclarına uyğun xərclər əsasında ölçülməsi də bunun əyani nümayişidir. Belə yanaşma yoxsulluğun “mütləq” yanaşma əsasında ölçülməsi adlanır. Halbuki yoxsulluq, geniş mənada rifah yalnız insanın fizioloji ehtiyaclarını ödəyə bilmə imkanına malik olub-olmaması ilə bağlı deyil.  

Hökumət minimum yolverilən fizioloji normalar əsasında ərzaq, qeyri-ərzaq və xidmətlər səbətinin dəyərini (yaşayış minimumu) hər il təsdiqləyir. Rəsmi statistika isə hər il seçilmiş sayda ailə təsərrüfatlarını müayinə edərək yaşayış minimumunun dəyərindən aşağı gəliri olan insanları yoxsul kimi uçota alır. Müayinə nəticəsində əldə edilmiş statistik göstərici hər ilin sonuna ölkə üzrə mütləq yoxsulluq göstəricisi kimi bəyan olunur.  

İnsanların minimum fiziki-fizioloji ehtiyaclarını qarşılamaq baxımından tətbiq olunan minimum istehlak səbətlərinin strukturunun elmi cəhətdən nə dərəcədə əsaslandırılmış olması, bu cür normativlərin hazırlanması prosesində bütün maraqlı tərəflərin (həmkarlar təşkilatları, vətəndaş cəmiyyəti institutları, “beyin mərkəzləri”  və s.) ciddi problem olaraq qalır. Lakin daha vacib məqam rifahın ölçülməsinə rəsmi yanaşmanın dəyişməsidir.   

 

Nəyi dəyişməli? 

 

“Rifah” anlayışına yanaşmanı strateji olaraq dəyişmək son dərəcə vacibdir. Çünki insanların mənəvi inkişafını və ehtiyaclarını təmin etmək üçün zəruri təhsil, səhiyyə və mədəni xidmətlərə çıxışı, kommunal xidmətlərə və yaşayış üçün zəruri sahəyə (mənzil təminatı) sahibliyi yetərli səviyyədə olmursa, ölkədə rifahın gerçək səviyyəsi barədə obyektiv və aydın siyasi mövqe də formalaşdırmaq mümkün olmur. “Rifah” anlayışına münasibətdə siyasi polemikalar, təklif olunan siyasət mexanizmləri məhz belə kompleks indikatora əsaslanmalıdır.  

“Rifah” anlayışının maddi amillə yanaşı, mənəvi inkişaf göstəriciləri üzərindən ölçülməsi hakimiyyətə iddialı istənilən siyasi qüvvənin “insan kapitalı”na verdiyi dəyərin siyasi mahiyyətini əks etdirir.     

Rifahı ölçən mövcud hüquqi mexanizmlər, statistik üsul və alətlərin dəyişdirilməsi də əsas hədəflərdən biri olmalıdır.    

 

Necə dəyişməli? 

 

İlk növbədə ölkədə yoxsulluğun ölçülməsi və yoxsulluqla mübarizə üsulları köklü şəkildə dəyişdirilməlidir. Bu zaman bir-biri ilə qarışıqlı əlaqədə 2 mexanizm tətbiq edilir:  

Median gəlirlərin səviyyəsinə uyğun olaraq nisbi yoxsulluq səviyyəsi müəyyən edilir. Bunun üçün rəsmi statistika ölkədə median gəlir göstəricisini hesablayır və adambaşına gəlir səviyyəsi median gəlirlərin 60%-dən aşağı olan ailələr avtomatik yoxsul qrupa aid edilir. 

 

Paralel olaraq, çoxölçülü yoxsulluq göstəricisinin hesablanması və sosial siyasət qərarlarının qəbulunda bu göstəriciyə istinad edilməsi təmin edilir. Bu üsul yoxsulluğun qeyri-monetar ölçümüdür, yalnız fərdin maddi durumunu deyil, sosial məhrumiyyətlərini və sosial təcridini də ölçür. Məsələn, ucqar kənddə yaxşı təşkil edilmiş gəlirli təsərrüfatda hər cür maddi nemətlərlə əhatə olunan, maddi məhrumiyyəti olmayan uşaqların təhsil, səhiyyə və mədəni xidmətlərə əlçatanlığı yoxdursa, bu vəziyyət sosial məhrumiyyətə məruz qalmaq deməkdir.     

Ölkədə rifahın real səviyyəsi məhz bu cür hərtərəfli ölçmə əsasında dəqiq müəyyən edilə, hökumətin sosial siyasətinin hədəfləri cəmiyyətin real inkişaf ehtiyaclarını nəzərə ala bilər. Bunun üçün ilk növbədə yoxsulluğun qeyri-monetar üsullar əsasında ölçülməsinə imkan verən hüquqi bazanın formalaşdırılması vacibdir. Hökumətin rəsmi qərarları əsasında təsdiqlənən metodoloji sənədlər həm maddi, həm də sosial məhrumiyyətləri ölçən indikatorları müəyyən edir, il ərzində davamlı olaraq (ən azı rübdə bir dəfə) ölkədə yoxsulluğun real miqyası ölçülür.  

Bu mexanizmin tətbiqi hazırda mövcud olan institusional sistemin də əsaslı şəkildə dəyişdirilməsini tələb edir.  

Aşağıdakı iki istiqamətdə dəyişikliklərə ehtiyac var: 

 

1.    Statistika orqanının siyasi hakimiyyətin təsirindən və müdaxiləsindən tam azad olmasına ehtiyac var. Qurumun yoxsulluğun obyektiv və etibarlı ölçülməsinə mane olacaq hər hansı siyasi təsir rıçaqı olmamalıdır. Bunun üçün ilk növbədə yoxsulluğun ölçülməsinin nəticələri ilə bağlı hesabatlılıq və cəmiyyətin davamlı məlumatlandırılması təmin edilməldir. Eyni zamanda, bütün zəruri statistik məlumatlar cəmiyyət üçün əlçatan olmalıdır ki, müxtəlif “beyin mərkəzləri”, müstəqil vətəndaş cəmiyyəti institutları alternativ ölçmələr, araşdırmalar aparmaqla rəsmi statistikanı daha etibarlı və obyektiv olmağa məcbur edə bilsinlər.  

 

2. Daha vacib bir addım maddi və sosial məhrumiyyətlərin ölçülməsi əsasında yoxsulluğun fərqli sosial qruplar və bölgələr üzrə ayrıca hesablanaması ehtiyacı ilə bağlıdır. Məsələn, “uşaq yoxsulluğu”, “ahıl yoxsulluğu”, “işləyənlərin yoxsulluğu” ölçülməlidir. Eyni zamanda, ölkənin bütün bölgələri, hər bir bölgə üzrə kənd və şəhər yoxsulluğu hesablanacaq. Sosial qruplar və coğrafi amillər üzrə hesablanan yoxsulluğun səviyyəsinə dair məlumatları özündə əks etdirən rüblük hesabatların cəmiyyətə açıqlanması təmin ediləcək. 

Digər Sənədlər

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın