Menu

Səbət

Səbətiniz boşdur.

1. Nəyi dəyişməli?  

 

Bərabərsizlik və ayrı-seçkilik Azərbaycan cəmiyyətinin ən ağır bəlalarından biridir. Bunlar əsasən özünü siyasi əsaslı sosial imtiyazların siyasi hakimiyyət tərəfindən verilməsində təzahür edir. Hazırda cəmiyyətdə tüğyan edən bərabərsizlik sosial-iqtisadi şəraitin bilavasitə məhsulu olmayıb, siyasi hakimiyyət tərəfindən bəlli qruplara xüsusi imtiyazların təqdim edilməsinin təzahürü kimi meydana çıxır. 

 

Qeyd edək ki, yuxarıda istinad edilən bərabərsizlik ictimai münasibətlərdə endemik (sistemli) imtiyazçılığın dərin təşəkkülü ilə nəticələnir. Siyasi imtiyazçılığın mövcud olduğu əsas sahə hökumətin nəzarətindəki resursların (dövlət xidmətlərinin, dövlətin nəzarətində olan təbii sərvətlərin, dövlət infrastruktur layihələrinin) hökumətə yaxın və ya hökumətyönümlü qruplara paylanması ilə müşayiət olunur. Bundan əlavə, siyasi imtiyazçılıq dövlət qulluğuna qəbul sahəsində də ortaya çıxır. Dövlət qulluğuna qəbulda obyektiv meyarlar deyil, daha çox hakimiyyətə yaxınlıq, siyasi məqsədəuyğunluq əsas götürülür.  

 

Qeyd etmək lazımdır ki, insanlar arasında fərqləndirmə aparılması özlüyündə ayrı-seçkilik hesab edilmir. Müxtəlif subyektlər gündəlik fəaliyyətlərinin tərkib hissəsi olaraq müxtəlif xarakterli fərqləndirmələr aparırlar. Belə subyektlərdən biri də dövlətdir. Dövlət də müxtəlif fərqləndirmələr həyata keçirə bilər. Ona görə dövlət tərəfindən həyata keçirilən fərqləndirmələrin ayrı-seçkilik sayılması üçün o, aşağıdakı meyarlara cavab verməlidir:  

- fərqləndirmə qeyri-legitim (qeyri-məqbul) məqsəd daşıyırsa (qeyri-legitim məqsəd odur ki, belə məqsəd dövlət idarəçiliyinin konstitusion əsaslarından irəli gəlmir); 

- fərqləndirmə obyektiv və ağlabatan səciyyə daşımırsa.  

Bu meyarlardan hər hansı biri meydana çıxdıqda (yəni qeyri-legitimlik yaxud qeyri-obyektivlik və qeyri-ağlabatanlıq olduqda), bu halda fərqləndirmə hüquqi mənada ayrı-seçkiliyə çevrilir. Beləliklə, ayrı-seçkilik dövlət tərəfindən müəyyən subyektlərə qarşı qeyri-legitim, qeyri-obyektiv və (və ya) qeyri-ağlabatan fərqləndirmə aparmasıdır.  

 

Ayrı-seçkilik tipologiyasına görə iki yerə bölünür: de yure ayrı-seçkilik və de fakto ayrı-seçkilik. De yure ayrı-seçkilik halının əsası qanunvericiliklə qoyulur. De fakto ayrı-seçkilik isə qanunvericiliyin praktikada tətbiqindən irəli gəlir. Azərbaycanda ayrı-seçkiliyin əsas yayılmış forması de fakto ayrı-seçkilikdir. Belə ki, hökumətin qanunları tətbiq etməsində ciddi problemlər mövcuddur və bu problemlər müxtəlif qruplara, ələlxüsus, müxalif qruplara qarşı de fakto ayrı-seçkiliklə müşayiət olunur. Mövcud avtoritar rejim bu qruplarla əlaqəli olan şəxslərin müxtəlif sahələrə çıxışının qarşısını alır və onları bir çox imkandan məhrum edir. Bu məhrumiyyətlərə müxtəlif platformalardan, peşələrdən və maliyyə mənbələrindən məhrumetmə də aiddir. 

 

Azərbaycanda diskriminasiyaya məruz qalan digər qrup konstitusion hüquqi çərçivədə qalmasına baxmayaraq, mövcud hökumətlə uzlaşmayan və ya hökumətin məqbul saymadığı dini icmalar və onların üzvləridir. Belə dini icmalar müxtəlif xarakterli təzyiqlərə məruz qalırlar. Onların fəaliyyətlərinə qeyri-qanuni və qeyri-legitim maneələr qoyulur. Bundan əlavə, onların dini təbliğat aparması müxtəlif qanuni sanksiyalarla nəticələnir, yaxud qeyri-qanuni təqiblərlə müşayiət olunur. 

 

Azərbaycanda gender əsaslı diskriminasiya endemik xarakterlidir və cəmiyyətdə oturuşmuş ənənəvi gender streotiplərdən irəli gəlir. Gender əsaslı diskriminasiyanın subyektlərindən biri qadınlardır. Baxmayaraq ki, qanunvericilik formal səviyyədə qadın-kişi bərabərliyini təsbit edib, praktikada qadınlara qarşı diskriminasiya geniş yayılıb və dövlət bunun qarşısını almaq üçün zəruri olan addımları atmır. Qadınlara qarşı diskriminasiya daha çox cinsi qısnama, seksual zorakılıq, erkən nikahlar və təhsil hüququna çıxışa məhdudiyyət, məişət zorakılığı, selektiv abortlar və femisid kimi hallarda müşahidə olunur. Bununla bərabər, qadınların siyasi təmsilçiliyində siyasi motivli struktural diskriminasiya da aşkardır. Qadınların həlledici peşələrdə (o cümlədən siyasi vəzifələrdə) təmsilçiliyi cüzi səviyyədədir. Gender əsaslı diskriminasiya seksual oriyentasiya və gender kimliyinə münasibətdə də geniş yayılıb. LGBTIQ+ vətəndaşlar bir tərəfdən yaxın ətrafı və digər qeyri-dövlət (özəl) subyektlər tərəfindən müxtəlif xarakterli zorakılığa, qısnamaya və ictimai qınağa  məruz qalırlar. Digər tərəfdən isə hüquq-mühafizə orqanlarının törətdikləri struktual hüquq pozuntuları ilə üzləşirlər.  

 

Geniş diskriminasiyaya məruz qalan qruplardan biri də etnik azlıqlardır. Etnik azlıqların məruz qaldığı diskriminasiya mahiyyət etibarilə ana dili və kultural haqlarla əlaqədar meydana çıxır. Ana dili və kultural haqlarla bağlı dövlət pozitiv öhdəliklərini sistemli surətdə yerinə yetirmir və bu mövzularda haqlar tələb edən etnik azlıq fəalları siyasi təqiblərə məruz qalırlar. 

 

 

Beləliklə, ayrı-seçkilik bir çox cəmiyyətlərdə olduğu kimi, Azərbaycan üçün də ciddi problemdir və cəmiyyətdə bir çox qruplara təsir edir. 

 

 

2. Necə dəyişməli? 

 

Hüquqi tənzimləmə: 

 

Bərabərsizlik və diskriminasiyanın aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər sırasında ilk növbədə formal-hüquqi tədbirlər gəlir. Formal-hüquqi tədbirlər ölkədə qanunvericilik (daxili/milli qanunvericilik) vasitəsilə diskriminasiyanın qadağan edilməsinin elanıdır. Bu, ilk növbədə, Konstitusiya vasitəsilə edilir. Hazırda Azərbaycanda Konstitusiya səviyyəsində diskriminasiya qadağan edilir. Lakin requlyar qanunvericilik vasitəsilə diskriminasiya qadağası aydınlaşdırılmalı və dəqiqləşdirilməlidir. Bu məqsədlə Azərbaycanda vahid və təkmil anti-diskriminasiya qanunu qəbul edilməlidir. Bu qanun Avropa standartlarına cavab verməlidir. Hazırda belə vahid anti-diskriminasiya qanunu mövcud deyil. Müxtəlif qanunvericilik aktlarında diskriminasiya qadağaları nəzərdə tutulur. Amma həmin qadağalar yenə bəyanedici xarakter daşıyıb, detallaşdırıcı xüsusiyyətə malik deyillər. Buna görə də hüquq praktikası üçün diskriminasiya qadağasının praktik tətbiqi aydın deyil. Perspektiv anti-diskriminasiya qanunu bu boşluğu aradan qaldırmalı və hüquq praktikası üçün aydın mayak rolunu oynamalıdır. 

Təbii ki, qanunvericilik səviyyəsində aydınlaşdırma yetərli deyil. Bundan əlavə, dövlət orqanları üçün daha aydın və hüquq praktikasına (dövlət praktikasına) uyğun təlimatlar (instruksiyalar) hazırlanmalıdır. Həm qanunvericilik, həm də qanunaltı təlimatlar vasitəsilə diskriminasiya qadağası dövlət məmurları üçün aydınlaşdırılmaqla praktikada dövlət mənşəli diskriminasiyanın qarşısının alınması hədəflənməlidir. Dəyişdirici siyasi hərəkat kimi bu hədəfi rəhbər tuturuq. 

 

Praktik tətbiq: 

 

Praktikada problemin aradan qaldırılması üçün aşağıdakı addımlar atılmalıdır: 

 

  • Siyasi iradənin qoyulması 
  • Qeyri-legitim müdaxilələrə yol verilməməsi 
  • İctimai və hüquqi nəzarətin təmini 
  • Şəffaflıq və hesabatlılığın təmin edilməsi 
  • Dövlət idarəetməsində meriokratik yanaşmanın tətbiqi. 

 

Siyasi iradə olmadan istənilən anti-diskriminasiya hədəfi öz funksiyasını yerinə yetirə bilməyəcək. Ona görə də ən ali səviyyədə siyasi iradə sine qua non (mütləq) şərtdir.  

Bundan əlavə, qeyri-legitim müdaxilələr aradan qaldırılmalıdır. Bu məqsədlə sivil və siyasi azadlıqlarla bağlı islahatlar paketi həyata keçirilməlidir. Təbii ki, dövlət orqanlarının özünü tam tənzimləyə biləcəyinə inam yoxdur. Ona görə də həm hüquqi səviyyədə nəzarətedici müstəqil publik institutlar yaradılmalıdır, həm də ictimai (vətəndaş cəmiyyəti) nəzarətə zəmin hazırlanmalıdır. Vətəndaş cəmiyyətinə qoyulan əsassız maneələr bu məqsədə çatmaq üçün aradan qaldırılmalıdır. 

Şəffaflığı təmin edən müsbət təcrübəyə əsaslanan qanunvericilik aktları qəbul edilməlidir. 

Avropa Şurasının GRECO standartlarına uyğun olaraq anti-korrupsiya qanunvericiliyi qəbul edilib tətbiq olunmalıdır. 

Peşəkar və meritokrat bürokratiya üçün zəruri institusional islahatlar həyata keçirilməlidir. 

 

Yuxarıda göstərilən qanunvericilik aktlarının qəbulu və praktikada icrası üçün siyasi iradənin və nəzarətin kumulyativ (məcmu) effekti endemik diskriminasiyanın qarşısını almağa zəmin yarada bilər. 

 

 

3. Necə olmalı? 

 

Bərabərlik və bərabərsizlik tarixdən günümüzə qədər ictimai müzakirənin əsas aspektlərindən biridir. Bir çox mütəfəkkirlər və təlimlər bərabərlik probleminə müxtəlif formada həll tapmağa çalışıblar. Bununla əlaqədar olaraq bərabərlik məfhumu çoxmənalılıq qazanıb və konkret mənaya sahib deyil. Bərabərliyə dair müxtəlif yanaşmalar mövcuddur. Lakin bu yanaşmalar arasında iki yanaşma əsas yer tutur. Bunlara aşağıdakılar aiddir: 

1 - Fürsət bərabərliyi (equality of opportunity); 

2 - Nəticə bərabərliyi (equality of outcomes). 

Fürsət bərabərliyi dedikdə, bərabərliyin elə vəziyyəti başa düşülür ki, həmin vəziyyətdə (statusda) fərdlər süni baryerlər, qərəzlər, seçimlər olmadan eyni rəftara məruz qalırlar. Bu halın yeganə istisnası müxtəlif fərqlərin əsaslandırılmış (justified) olmasıdır. Fürsət bərabərliyi legitim meriokratiyaya maneə təşkil etmir. Fürsət bərabərliyinin məqsədi cins, dil, etnik kimlik, mənşə, din, irq, kasta kimi subyektiv xüsusiyyətlərlərin resursların bölgüsündə nəzərə alınmamalı olduğu mənasına gəlir. Fürsət bərabərliyi vasitəsilə yalnız obyektiv məqsədlər naminə fərqqoymaya yol vermək olar. Lakin yaxşı qurulmuş əlaqələr vasitəsilə subyektiv aidiyyətlər əsas götürülməklə resurs çatımlığına nail olmağa çalışmaq fürsət bərabərliyi konsepti ilə ziddiyyət təşkil edir. 

Nəticə (şərait) bərabərliyi - fürsət bərabərliyinin əksinə olaraq siyasi ideal kimi cəmiyyətdə yaşayan hamı üçün eyni və ya oxşar maddi imkan və sərvət bölgüsü, oxşar iqtisadi şəraitdə yaşamaq üçün sosial status yaradılması mənasına gəlir. Nəticə bərabərliyinin məqsədi tam sosial-iqtisadi bərabərlik yaradılmasıdır. Nəticə bərabərliyi ilkin şansların yaradılmasına deyil, yekuna fokuslanır. Nəticə bərabərliyi konseptinə əsasən hamının demək olar ki, eyni yaxud tamamilə oxşar iqtisadi şəraitdə yaşaması mümkündür. Nəticə bərabərliyi hamı üçün bu şərtləri yaratmaq istiqamətində ekstensiv addımlar (proqram qurulması və onun impelementasiyası) atılmasına əsaslanır. 

Biz bir platforma olaraq fürsət bərabərliyi siyasi konseptinə əsaslanırıq. Məqsədimiz Azərbaycan cəmiyyətində fürsət bərabərliyi yaradılmasını təmin etməkdir. Hesab edirik ki, zəruri hüquqi çərçivə yaratmaq və bunun impelementasiyası ilə mahiyyətcə fürsət bərabərliyinə nail olmaq imkan daxilindədir. Həmçinin bu mövqedəyik ki, nəticə bərabərliyinə nail olmaq praktik olaraq mümkün deyil və bu istiqamətdə fəaliyyət göstərmək nəticə etibarilə cəmiyyətin resurslarının israfı ilə nəticələnəcək. Ona görə də fürsət bərabərliyini mümkün və hətta optimal yol sayırıq. 

Diskriminasiya cəmiyyətdəki fərd və qruplar arasında əsaslandırılmış və obyektiv əlamətlərə görə deyil, subyektiv və əsaslandırılmamış əsaslara görə fərdi və institusional fərqlər qoyulmasıdır. Diskriminasiya qərəzdən və subyektiv nifrətdən (düşmənçilikdən) irəli gələ bilər. Diskriminasiya özünü iki yolla büruzə verə bilər: birincisi, fərdi tədbirlər görməklə; ikincisi, institusional fenomen olmaqla. İnstitusional diskriminasiya daha çətin problemdir. Çünki onun dəyişdirilməsi və aradan qaldırılması üçün ciddi institusional islahatlar (dəyişikliklər) həyata keçirilməlidir. Lakin belə islahatları adətən həyata keçirmək çox ağırdır və ciddi siyasi iradə və ardıcıl fəaliyyət tələb edir. Əksər hallarda siyasi qruplar belə islahatlara inkişaf etməkdə olan ölkələrdə belə nail ola bilmirlər. Ona görə də diskriminasiyanın aradan qaldırılması platformanın əsas hədəflərindən biri olmalıdır. Təşkilat buna nail olmaq üçün hüquqi və institusional islahatlar paketinə sahib olmalıdır. 

Nepotizm vəzifə bölgüsündə tayfabazlıq münasibətlərinin əsas götürülməsi və həlledici, eləcə də ikinci dərəcəli vəzifələrə müəyyən tayfa çərçivəsindən çıxan şəxslərin çatımlığını təmin etməkdir. Nepotizm dövlət idarəçiliyində korrupsiyalaşmanın əsas səbəblərindən biridir. Ona görə də nepotizmi korrupsiyalaşma baxımından təməl səbəblərdən biri saymaq olar. Bunları nəzərə alsaq, nepotizmə qarşı çıxmaq və onun fəsadlarını aradan qaldırmaq yenilikçi siyasi hərəkatın əsas hədəflərindən biri olmalıdır.  

Nəticə etibarilə, adil toplum idealı bərabərsizliyin aradan qaldırılaraq ən azından fürsət bərabərliyinin təmin edilməsini, diskriminasiyaya qarşı hüquqi və institusional mübarizəni, eləcə də favoritizmi, ələlxüsus nepotizmi aradan qaldırmağı tələb edir. 

 

  

Digər Sənədlər

Ana Səhifə Könüllü Ol Üzv Ol Bizə yazın